"AZƏRBAYCAN TARİXİNDƏ 31 MART SOYQIRIMI GÜNÜ" ADLI SİMPOZİUMDA İŞTİRAK EDƏN HƏMVƏTƏNLƏRƏ SONSUZ TƏŞƏKKÜRLƏRİMİZİ BİLDİRİRİK!
İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU və Dünya Azərbaycanlıları Konqresi, 9 aprel 2010-cu il tarixində İsveçin paytaxtı Stokholm şəhərində “Azərbaycan tarixində 31 Mart soyqırımı günü” adlı simpozium keçirtdi. Simpoziumda, Stokholmda və İsveçin başqa şəhərlərində yaşayan həmvətənlərimiz, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşı Gülnarə Əskərova, Odlar Yurdu Azərbaycanımızın millət vəkili Baba Tağıyev, Avstraliyadan - həmvətənimiz Əhməd Qeybi, Almaniyadan - Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firidun Pərviznia, Malmödən - Dünya Azərbaycanlıları Konqresinin Daimi şurasının sədri Əjdər Tağızadə, Tribun jurnalının redaktoru Əlirza Ərdəbilli və başqa dərnəklərin və təşkilatların təmsilçiləri də iştirak etdi.
İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nin idarə heyətinin üzvü Gülüş xanım, birinci dəfə olmasına baxmayaraq, simpoziumu böyük məharətlə, ciddi şəkildə və təmkinlə apardı. Simpozium Azərbaycan Respublikasının milli himni ilə açıq elan olundu, sonra isə Gülüş xanım 1918-ci il 31 mart soyqırımında şəhid olanların ruhunu yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Simpoziumun iştirakçıları, dəvət olunan qonaqları, çıxış edəcək həmvətənlər və simpoziumun proqramı elan edildikdən sonra aparıcı, simpoziumu açmaq üçün sözü İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc Bakılıya verdi.
Sevinc xanım, dərnəyin dəvətini qəbul edərək simpoziuma gələn bütün qonaqları, orada iştirak edən həmvətənləri salamladıqdan sonra çıxışının əvvəlində simpoziumun keçirilməsinin qarşısını almaq istəyənlərin, sədri olduğu dərnəyin milli fəaliyyətinə əngəl törətmək istəyənlərin erməni deyil, sapı özümüzdən olan baltalar, bizə qarşı təxribat aparan bədxah, üzqarası olan “ünsürlər”, sözdə özlərini azərbaycanlı deyə adlandıranların olmasından böyük təəssüflə danışdı.
Sonra isə çıxışının ardında Sevinc Bakılı, birinci dəfə olaraq Stokholmda belə bir böyük simpoziumun keçirilməsinin zəruriliyindən, tariximizin qanlı və faciəli səhifəsi olan 1918-ci il 31 Mart – Azərbaycanlıların soyqırım gününün keçirilməsindən, tarixi faktlardan danışdı və qeyd etdi ki, bu simpoziumu keçirməyin əsas məqsədlərindən biri də tarixin hələ tam açılmamış səhifələrindən biri olan 31 Mart soyqırımını İsveç cəmiyyətinə çatdırmaq olub. Sevinc xanım çıxışının sonunda vurğuladı ki, daha bir qan yaddaşımız olan 31 Mart soyqırımı, xalqımıza olunan soyqırımlar, işğal olunmuş torpaqlarımız, yüzminlərlə şəhidimiz haqqında hamı bilməlidir ki, milli yaddaşımız özünə qayıda bilsin. Sevinc Bakılı soygırım qurbanlarının, şəhidlərimizin əziz xatirəsini dərin hüzn və ehtiramla yad edərək, Allahdan onlara rəhmət, yaxınlarına səbr diləyərək, çıxışını “1918-ci il 31 Mart Soyqırımını heç vaxt unutmadıq, unutmuruq və unutmayacağıq!” sözləri ilə bitirdi.
Sonra isə millət vəkili Baba Tağıyev və Dünya Azərbaycanlıları Konqresinin həmsədri Firidun Pərviznia simpoziumda çıxış etdilər.
Firidun bəyin şıxışından sonra, 1918-ci il 31 Mart Soyqırımının 92-ci ildönümünü və şəhidlərimizin ruhunu yad etmək üçün, istedadlı və gənc rejissorumuz, “EL TV” Regional Televiziya şirkətinin direktoru İqbal Məmmədəliyevin “Həqiqətin özü” filmindən bir hissənin nümayişi oldu. Tarixi faktlar və arxiv materialları ilə zəngin olan, böyük ustalıqla çəkilmiş bu filmə baxdıqdan sonra simpoziumun iştirakçıları həqiqətən şahid oldular ki, tarix boyu azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımlar və deportasiya siyasəti xalqımıza ağır maddi və mənəvi zərbələr vurmuş, onun tarixi yaddaşında silinməz izlər buraxmışdır.
Sonra isə Dünya Azərbaycanlıları Konqresinin Daimi şurasının sədri Əjdər Tağızadə və Tribun jurnalının redaktoru Əlirza Ərdəbilli çıxış etdilər.
Əlirza bəyin çıxışından sonra uşaqlarımızın – Cəlal Xəlilov və Fidan Babayevanın ifalarında Odlar Yurdu Azərbaycanımız haqqında şerləri dinlənildi və gələcəyimiz olan bu gözəl, vətənpərvər balalara alqışlarla təşəkkürlər edildi.
Simpoziumun sonunda İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU-nun sədri Sevinc Bakılı, Məmməd Arazın “Ayağa dur, Azərbaycan!” şerini söylədi, simpoziumu bağlı elan etdi və bir daha simpoziumda iştirak edənlərə, qonaqlara, çıxış edənlərə, uşaqlara, simpoziumun təşkilində, hazırlıq və texniki işlərində yardım edən həmvətənlərimizə, əməyi keçən bütün dostlara həm öz, həm İsveç-Azərbaycan Kültür Dərnəyi ODLAR YURDU, həm də Dünya Azərbaycanlıları Konqresi adından hamıya sonsuz təşəkkürlərini bildirdi.